Olimpiadanın əcnəbi tamaşaçılarsız keçirilməsinə görə Yaponiya iqtisadiyyatı 150 milyard yen itirəcək
Tokio, 21 mart, AZƏRTAC
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əcnəbi tamaşaçılarsız keçirilməsinə görə Yaponiya 150 milyard yen (təqribən 1,37 milyard dollar) itirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 21-də NHK telekanalı “Nomura” İqtisadi Tədqiqatlar İnstitutuna istinadla məlumat yayıb.
Bildirilir ki, bu hesablama daxili bazarın təhlili və koronavirus pandemiyasına qədər əcnəbi turistlərin istehlak səviyyəsi nəzərə alınaraq aparılıb. Qəbul edilən qərarın daha çox mehmanxana və restoran biznesinə ziyan vuracağı bildirilir.
Bununla yanaşı, qeyd edilir ki, Oyunların təşkilatçıları yapon tamaşaçıların yarışlar zamanı idman obyektlərinə buraxılmaması barədə qərar qəbul edəcəyi təqdirdə bu iqtisadi zərər daha da arta bilər.
Onu da qeyd edək ki, Olimpiadanın təxirə salınması və koronavirusa qarşı tədbirlərlə bağlı əlavə xərclərə görə yarışların təşkili büdcəsi artıq 1,64 trilyon yenə (təqribən 15,9 milyard dollar) çatıb.
Xatırladaq ki, martın 20-də “Tokio-2020”-nin təşkilat komitəsinin Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi ilə onlayn görüşündə əcnəbi azarkeşlərin Olimpiadaya buraxılmaması barədə qərar qəbul ediblər. Tokio Olimpiadasının 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı. Lakin, koronavirus pandemiyasına görə yarışların vaxtı bu il iyulun 23-dən avqustun 8-dək dəyişdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio