Olimpiya çempionu Kaori Matsumoto karyerasını başa vurur
Tokio, 2 fevral, AZƏRTAC
Yapon cüdoçu, idmanın bu növü üzrə ikiqat Olimpiya mükafatçısı Kaori Matsumoto karyerasını başa vurmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, K.Matsumoto bu barədə qərarı noyabrda dünya çempionatına seçmə turnirlərdən birində məğlubiyyətə uğradıqdan sonra gəlib.
Xatırladaq ki, 31 yaşlı K.Matsumoto 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunları zamanı qadınlar arasında 57 kiloqram çəki dərəcəsində qızıl mükafata sahib olub. Həmin vaxt bu, yaponiyalı cüdoçuların Oyunlarda qazandığı yeganə qızıl medal olub. 2016-cı ildə Rio-de-Janeyro Oyunlarında isə o, gümüş medal qazanıb.
2017-ci ildə K.Matsumoto analıq məzuniyyətinə çıxıb. Ötən il yenidən idmana qayıdan idmançı 2020-ci il Olimpiadasına qatılmaq istədiyini bildirib.
Lakin qeyd etdiyimiz turnirdə məğlubiyyətdən sonra K.Matsumoto öz idman karyerasının gələcəyini şərh etməkdən imtina edib. Onun komandanın rəsmi şəxsləri ilə məsləhətləşmələrdən sonra idmanı tərk etmək istədiyi məlum olub.
K.Matsumotonun tezliklə mətbuat konfransı keçirərək, bu barədə məlumat verəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio