OLİMPİYA GƏNCLƏR DÜŞƏRGƏSİNİN İŞTİRAKÇISI FİDAN ALLAHYAROVANIN ÇIXIŞI
-Möhtərəm Prezident!
Hörmətli idmançılar!
Mən fəxr edirəm ki, ölkəmizi Pekin Olimpiya oyunlarında təmsil edəcək nümayəndə heyətinin tərkibindəyəm. Olimpiya oyunları sülh naminə atılan böyük bir addımdır. Olimpiya oyunlarında qələbə həmişə bayrağın ucalması, himnin səslənməsi ilə nəticələnir. Arzum budur ki, bayrağımız həmişə yüksəklərə qalxsın. Çünki bizim ölkəmiz buna layiqdir. İstərdim ki, idmanın hər bir növündə yarışdan sonra Pekin Olimpiadasında bayrağımız ucalsın, himnimiz səslənsin. İdmançılarımızın çıxışları dünya idman tarixində maraqlı hadisə kimi qalsın. Məhz belə yarışlarda sağlam rəqabət, sağlam mübarizə gedir, burada insanlar səfərbər olurlar, ölkələrin nümayəndələri arasında dostluq, qardaşlıq hissləri təbliğ edilir. Sülhün nə qədər mühüm olduğunu dərk edirsən.
Hörmətli cənab Prezident!
Biz hamımız Sizin ölkəmizdə idmana və gənclərə göstərdiyiniz davamlı diqqətin şahidləriyik. Görürük ki, ümummilli liderimiz Heydər Əliyevin vaxtilə başladığı ən möhtəşəm işlər bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, yeniyetmə və gənclər arasında idmana, bədən tərbiyəsinə böyük maraq var. Hər bir kəs hansısa bir idman növündə özünü sınamağa, sağlam və hərtərəfli inkişaf etməyə can atır. Artıq bu, respublikamızda bir ənənə halını almışdır. Azərbaycan idmançılarının beynəlxalq miqyasda əldə etdikləri uğurlar biz yeniyetmələr və gənclərdə də böyük həvəs yaradır.
Özümü çox xoşbəxt hiss edirəm ki, dünyanın, eləcə də Azərbaycanın idman tarixinə düşəcək Pekin Olimpiya oyunlarına yollanacaq nümayəndələr sırasındayam. Bu, mənim üçün həm böyük etimad, həm də digər ölkələrdən olan gəncləri xalqımızla, onun qədim, zəngin mədəniyyəti, milli mənəvi dəyərləri ilə tanış etmək üçün yaranmış bir imkandır. Dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, başqa ölkələrin nümayəndələri ilə əməkdaşlıq etmək mənim orada aparacağım işin əsasını təşkil edəcəkdir.
Yaxın gələcəkdə Azərbaycanı ən qabaqcıl ölkələr sırasında görürəm. Çünki qələbələrin və uğurların əldə olunması üçün bizim zəruri potensialımız var. Yüksək mədəniyyətə və təhsilə malik olan insanlarımız, böyük iqtisadi gücümüz var. Ən nəhayət, hamını heyrətə gətirə biləcək, hamını ayaq üstə alqışlamağa vadar etməyə qadir olan güclü idmançılarımız var.
Buna görə isə biz Sizə borcluyuq, cənab Prezident. Sizə bütün yeniyetmə və gənclər adından dərin təşəkkür edirəm.
Diqqətinizə görə sağ olun.