OLİMPİYA-İDMAN KOMPLEKSİNİN AÇILIŞI
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, mayın 30-da Qazax şəhərində Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi.
Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi və buraya toplaşmış idmançılarla görüşdü.
Sonra dövlətimizin başçısı kompleksin ərazisini gəzdi, yeni idman qurğusu ilə tanış oldu.
Məlumat verildi ki, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hər şərait yaradılmışdır. Burada təkcə yerli əhəmiyyətli deyil, beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün də imkan vardır. Ətraf yaşıllaşdırılmış, bəzək kolları əkilmişdir. Təməli 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qoyulmuş kompleksin ərazisi 15 hektardır. 1000 nəfərlik tamaşaçı yeri olan böyük idman salonundan əlavə,
kompleksdə 4 məşq meydançası, 5 kiçik salon, ortülü hovuz, tennis kortları, mehmanxana, 6 ədəd ikimərtəbəli və 10 ədəd birmərtəbəli kotteclər, minifutbol meydançası vardır. Xarici qonaqların yüksək səviyyədə qəbulu üçün də hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev bütün bunlarla tanış oldu, yüksək səviyyədə
inşa olunmuş bu obyektlərin rayon üçün böyük əhəmiyyəti olduğunu bildirdi.
Kompleksdə “Güc” muzeyi də fəaliyyət göstərir. Bu muzeyin məqsədi xaricdən gələn qonaqları rayon əhalisinin məişətdə istifadə etdiyi əşyalarla, eləcə də məşhur Qazax xalçaları və xalça məmulatı ilə tanış etməkdir.
Prezident İlham Əliyev muzeyin eksponatlarına baxdı.
Kompleksdə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş,
Azərbaycan, o cümlədən Qazax idmançılarının beynəlxalq və respublika səviyyəli yarışlardakı uğurlarını əks etdirən guşə yaradılmışdır.
Sonra kompleksin açılışına həsr olunmuş mərasim keçirildi.
Mərasimi Qazax Rayonu İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov açdı.