Ölkəmiz “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda təmsil olunacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 29-dan noyabrın 1-dək İtaliyanın Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVIII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Azərbaycan da iştirak edəcəkdir. Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin də iştirakı, onun zəngin irsinin və turizm potensialının geniş tanıdılmasına imkan yaradacaq.
Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus 24 kvadratmetr stend sahəsi icarəyə götürülərək xüsusi dizayn edilmiş stend quraşdırılacaq. Yarmarkada ölkəmizi təmsil etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və italyan dillərində müxtəlif reklam-çap və arxeoloji turizmə həsr olunmuş reklam məhsulları ilə təmin olunub.
Qeyd edək ki, ötən il keçirilmiş XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda Azərbaycan "rəsmi qonaq ölkə" statusunda iştirak edib.