MƏDƏNİYYƏT
Ölkəmiz “EMİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunur
Bakı, 29 yanvar, AZƏRTAC
İstanbulda keçirilən “EMİTT 2016” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yanvarın 31-dək davam edəcək sərgidə nazirliklə yanaşı, “Green Apple”, “The Tour”, “Gilan Tourism”, “Millennium Tourism”, “RVS Travel”, “Victory Tour”, “Atlas Travel” turizm şirkətləri, “Jumeirah Bilgah Beach Hotel”, “Rigs Hotel” mehmanxanaları və Azərbaycan Hava Yolları QSC iştirak edir.
Tədbirdə 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunur.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 77 kvadratmetr sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Sərgi çərçivəsində yanvarın 29-da Türkiyə Səyahət Agentlikləri Birliyinin və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə hər iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B formatında işgüzar görüş və ölkəmizin turizm potensialının təqdimatı keçirilib. Görüşdə Aydın İsmiyevin iştirakı ilə ölkəmizin 24 turizm şirkəti təmsil olunub. Türkiyə tərəfindən isə TÜRSAB təşkilatının rəhbəri Başaran Ulusoy və baş katibi Çətin Gürçinin rəhbərliyi ilə 70-ə yaxın turizm şirkətinin nümayəndələri iştirak edib.
Başaran Ulusoy iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini, turizm sənayesi nümayəndələri arasında təcrübə mübadiləsinin və qlobal iqtisadi böhran şəraitində birgə əməkdaşlığın vacibliyini qeyd edib. Öz növbəsində Aydın İsmiyev bu görüşün turizm sənayesi üçün önəmini və Azərbaycana turist axının artırılmasında Türkiyə təcrübəsindən istifadənin əhəmiyyətini vurğulayıb.
Daha sonra Azərbaycanın turizm potensialını əks etdirən videotəqdimat olub. Hər iki ölkənin turizm şirkətlərinin böyük maraq göstərdiyi tədbir işgüzar görüşlər formatında davam etdirilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq 14-cü dəfədir ki, “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir.