Ölkəmizin turizm potensialı 18 beynəlxalq sərgidə nümayiş olunacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə iştirak edir. Bu məqsədlə ölkəmizin 2016-cı ildə iştirak edəcəyi beynəlxalq turizm sərgilərinin siyahısı təsdiqlənib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun təşkilatçılığı ilə gələn il keçiriləcək “The New York Times Travel Show” (Nyu-York), “EMITT East Mediterranean Tourism and Travel Exhibition” (İstanbul), “HT&T Iran Hotel, Travel & Tourism International Exhibition” (Tehran), “BİT” (Milan), “İTB Berlin” (Berlin), “MİTT” (Moskva), “COTTM China Outbound Travel and Tourism Market” (Pekin), “KİTF Kazakhstan International Tourism & Travel Fair” (Almatı), “ATM” (Dubay), “KOTFA” (Seul), “JATA” (Tokio), “Top Resa” (Paris), “TT Warsaw İnternational Travel Show” (Varşava) və “WTM” (London) sərgilərində iştirak nəzərdə tutulub.
Bu sərgilərə qatılmaq üçün son müraciət tarixindən gec olmayaraq, imzalanmış müqavilə və ərizə forması ilə birgə nazirliyin turizm şöbəsinə müraciət etmək lazımdır. Turizm şirkətləri və mehmanxanalar tərəfindən qeyd olunan sərgilərdə iştirakla bağlı yetəri sayda müraciət daxil olmadıqda nazirlik həmin sərgidə iştirakı təxirə salmaq hüququnu özündə saxlayır.
Bunlarla yanaşı, 2016-cı ildə nazirliyin həmtəşkilatçılığı ilə “İMEX” (Frankfurt), “KIHE” (Almatı), “İMTEC” (Dubay) və “Travel Turkey” (İzmir) sərgilərində iştirak planlaşdırılır.
Sərgilər barədə daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://mct.gov.az/service/lang/az/page/5/nid/4242/