OMBUDSMAN İSVEÇRƏ FEDERAL QAÇQINLAR TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, Elmira Süleymanova Ermənistanın təcavüzü nəticəsində ölkəmizə və xalqımıza ölçüyəgəlməz maddi və mənəvi zərər vurulduğunu bildirmişdir. Müvəkkil qonaqların diqqətini ailə üzvlərini, ev-eşiklərini, əmlaklarını itirmiş, uzunmüddətli ağır köçkünlük həyatı yaşayanların, şəhid ailələrinin təxirəsalınmaz ehtiyaclarına cəlb etmişdir. O, bu əhali təbəqəsi arasında əmək qabiliyyətli insanların sayının 51,1 faizi, əmək qabiliyyəti dövrünə çatmayanların, yəni 15 yaşa kimi olanların sayının isə 34, 6 faizi təşkil etdiyini söyləmişdir. Ombudsman beynəlxalq donorlar tərəfindən onlara humanitar yardımın göndərilməsinə ehtiyac olduğunu vurğulamış, həmçinin ölkəmizin Prezidentinin, dövlətin məcburi köçkünlərə qayğısından, problemlərin həllinə yönəlmiş tədbirlərdən söz açmışdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi və Dövlətqaçqınkomla işgüzar əlaqələrdən, birgə treninq-seminarların keçirilməsindən söz açan ombudsman İsveçrə Federal Qaçqınlar Təşkilatı ilə də əməkdaşlığın səmərəli olacağına ümid bəslədiyini bildirmişdir.
Müvəkkil beynəlxalq təşkilatın nümayəndələrini maraqlandıran sualları cavablandırmış, ekstremal şəraitlə üzləşərək respublikamıza gəlmiş, müvəqqəti sığınacaq axtaran çeçen, əfqan, iraqlı və digər əcnəbi qaçqınlar və onların beynəlxalq müdafiəsinin təmin edilməsi, habelə ölkəmizdəki qaçqın və məcburi köçkün qadınların və onların övladlarının pozulmuş hüquqlarının bərpası istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Kristina Ptayfer Romano və Hans Peter Bler görüşdən məmnun olduqlarını, təcrübə mübadiləsinin faydasını qeyd etmiş, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə kömək göstərəcəklərini bildirmişlər.