OMBUDSMAN MİLLİ MƏCLİSƏ TƏKRAR SEÇKİLƏRİ MÜŞAHİDƏ ETMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və aparatın 20 əməkdaşı seçkilərin keçirildiyi 10 seçki dairəsini əhatə edən Bakı, Sumqayıt və Gəncə şəhərlərində, habelə Ağdam, Zaqatala, Cəlilabad-Masallı-Biləsuvar, Tovuz-Qazax-Ağstafa və Gədəbəydəki seçki məntəqələrində səsvermə prosesini müşahidə etmişlər.
Seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyi, vətəndaşlara müstəqil seçim, müşahidəçilərə sərbəst müşahidə etmək imkanının yaradıldığı, “exit-poll”un keçirilməsi üçün zəruri şəraitin təmin edildiyi müşahidə olunmuşdur.
Bir sıra seçki məntəqələrində çatışmazlıqlar da qeydə alınmış, onların bəziləri yerindəcə aradan qaldırılmışdır.
Bəzi vətəndaşların adlarının seçici siyahılarında göstərilməməsi, müşahidəçilərin səsvermə prosesinə müdaxilə etmək cəhdləri və digər nöqsanlar aşkar edilmişdir. Lakin bunlar, ümumilikdə, seçkilərin nəticələrinə xələl gətirməmişdir.
Ombudsman seçki məntəqələrində aşkar etdiyi nöqsanları dairə və məntəqə seçki komissiyaları sədrləri ilə birlikdə yerində araşdırmış, bəzi hallarda vətəndaşların seçki hüququ bərpa edilmişdir. Zəruri hallarda onların araşdırılması və konkret tədbirlər görülməsi üçün operativ surətdə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət olunmuş və yerində aradan qaldırılmışdır. Eyni zamanda, siyahıda adı olmayan seçicilər öz seçki hüquqlarını məhkəmə vasitəsilə bərpa etmiş və səsvermədə iştirak etmişlər.
Müxtəlif beynəlxalq təşkilatların, siyasi partiyaların, namizədlərin çoxsaylı müşahidəçiləri seçki məntəqələrində səsverməni izləmiş, müşahidə aparmış və bu seçkilərin demokratik, ədalətli və şəffaf keçirildiyini təsdiqləmişlər.
Ümumilikdə, təkrar seçkilər Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu və insan hüquqlarının təmin edilməsi baxımından atdığı uğurlu addım kimi dəyərləndirilmişdir.
Ombudsman səsvermə günü MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə gələrək, seçkinin gedişi və apardığı müşahidələrin nəticələri ilə bağlı ictimaiyyətə məlumat vermişdir.
Ombudsmanın və onun aparatının əməkdaşlarının təkrar seçkilər günü apardığı müşahidələrin nəticələrinə dair müvafiq arayış və tövsiyələr MSK-ya təqdim olunmuşdur.