ÖMRÜM BOYU ULU ÖNDƏRİN ADINI DİLİMDƏ, MÜQƏDDƏS XATİRƏSİNİ QƏLBİMDƏ YAŞADACAĞAM
Heydər Əliyev sözün əsil mənasında dahi şəxsiyyət idi, fikir, ideya, əməl dühasıydı, xalq, millət, vətən fədaisiydi, fenomen insan idi. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, dünya miqyasında tanınmasında ulu öndərin əməyi, xidmətləri ölçüyəgəlməzdir. Respublikamıza rəhbərliyinin birinci dövründə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvanın Kreml Sarayında Azərbaycanın neçə-neçə şairi, ədibi və bəstəkarının yubileyləri təntənəli şəraitdə qeyd edildi, ən gözəl kinofilmlərimiz çəkildi, teatr, opera, balet sənətimiz dünya meridianlarına çıxdı, bir çox mədəniyyət, incəsənət xadimi keçmiş SSRİ-nin ən yüksək fəxri adlarına layiq görüldü, mədəniyyətimizin bütün sahələrində əsil intibah baş verdi.
Elə bir tanınmış ədəbiyyat xadimimiz olmaz ki, ona Heydər Əliyev qayğısından pay düşməsin. O, təbiətən, qəlbən şair, bəstəkar idi, gözəl rəssamlığı vardı, ixtisasca memar idi, bu sahədə də zəngin biliyi, təcrübəsi vardı. Ədəbiyyatdan danışanda, elə bilirdin tənqidçi, ədəbiyyatşünasdı, musiqidən danışanda, fikirləşirdin ki, musiqişünasdı.
Təsəllimiz odur ki, o böyük insanın övladı, onun mənəviyyatından, düşüncəsindən, müdrikliyindən, siyasi zəkasından dərs almış İlham Əliyev bu gün dövlətimizin sükanı arxasındadır, bütün sahələrdə əldə edilmiş nailiyyətləri yeni dövrə uyğun inkişaf etdirir, xüsusən, mədəniyyətimizin, incəsənətimizin tərəqqisi üçün lazımi tədbirlər görür, milli mədəni-mənəvi dəyərlərimizə hörmət və ehtiram göstərir.
Sonsuz qürur hissi keçirirəm ki, quruluş verdiyim 100-dən çox tamaşa içərisində müstəqil dövlətimizin memarı, həmişə ədəbiyyat və incəsənətimizin xeyirxah himayəçisi missiyasını ləyaqətlə daşımış dahi şəxsiyyətə və onun vəfalı ömür-gün yoldaşı, bənzərsiz mənəviyyata malik xanım, Azərbaycan qadınının ən nəcib keyfiyyətlərini özündə təcəssüm etdirən akademik Zərifə xanım Əliyevanın bədii obrazları da vardır.
Heydər Əliyevin həyatı, fəaliyyəti zəngin dəfinələr xəzinəsidir. Mən bu mövzuya yenə də müraciət edəcəyəm.