ORDUBADDAKI QIZIL YATAQLARINDA QAZMA İŞLƏRİNƏ BAŞLANMIŞDIR
İstismar işlərini aparan “R.V İnvestment” şirkəti Şəkərdərə sahəsində də işlərə başlayacaqdır. Yatağa yol çəkildikdən sonra qazma qurğuları buraya gətiriləcəkdir. İki il müddətində Ordubad qızılı dünya bazarına çıxarılacaqdır. Buraya qoyulan sərmayənin məbləği 50 milyon ABŞ dollarından çox olacaqdır. Mühəndis-texniki işçilər də daxil olmaqla, kənardan mümkün qədər az işçi qüvvəsinin cəlb edilməsi, yatağın istismarında azı 500-700 nəfər yerli sakinin iştirakı nəzərdə tutulmuşdur.
Yeni qazma avadanlığı yaxın aylarda Ordubad, Qoşa, Gədəbəy, Gəncə sahələrində də işə salınacaqdır. Bununla bağlı lazımi texniki layihə sənədləri hazırlanmışdır. Bu proqramların reallaşdırılması ilə regionlarda xeyli yeni iş yeri açılacaqdır. Həmin yataqlarda 94 milyon unsiya və ya 3 min ton qızıl və mis ehtiyatı vardır.
Yataqların istismarı “Azərbaycan Respublikası Gədəbəy, Qoşa, Ordubad quru (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın paybölgüsü Sazişi”nə əsasən həyata keçirilir.