Orta məktəbdə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir
Bakı, 7 aprel, AZƏRTAC
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Bakıdakı 53 nömrəli tam orta məktəbdə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Tədbir Azərbaycanın və Özbəkistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Tünzalə Zeynalova OCEP layihəsi çərçivəsində təşkil olunan tədbirlər və Özbəkistana səfərləri barədə danışıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən OCEP layihəsi çərçivəsində ölkəmizdə təşkil olunan tədbirləri yüksək qiymətləndirib. İdarə müdiri proqram çərçivəsində Özbəkistanın tarixinin, mədəniyyətinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsinin Azərbaycan-Özbəkistan məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verdiyini bildirib.
Azərbaycan-Özbəkistan münasibətlərinin qədim tarixə malik olduğunu xatırladan M.Vəliyeva etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan və Özbəkistan Respublikaları arasındakı əməkdaşlığın həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inandığını söyləyib.
Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın, ümumilikdə Türk dünyasının sarsılmaz birliyinə töhfə kimi dəyərləndirib. Səfir bildirib ki, bu tədbir qədim tarixi köklərə malik Azərbaycanla Özbəkistan arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova OCEP layihəsinin rəhbəri Ceyhun Rəhmanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Uyuşmasının fəxri üzvü Akif Azalp son illər ərzində Azərbaycanın Özbəkistanla əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildiriblər. Çıxış edənlər OCEP layihəsinin əsas məqsədinin Avropa Olimpiya Komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyət və idmanı, həmçinin olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğunu diqqətə çatdırıblar.
Tədbirdə şagirdlərin ifasında Özbəkistan və Azərbaycanın milli rəqsləri, adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Sonda Özbəkistanın Azərbaycandakı səfiri tərəfindən məktəbin şagirdlərinə təşəkkürnamə, müəllimlərinə isə fəxri fərman təqdim olunub.