Ötən ay 14 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib
Bakı, 6 dekabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən noyabr ayı ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan və enerji təchizat sxemini dəyişən 14 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı təqdim edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 48 razılaşdırılan layihəyə əsasən tikintisi başa çatdırılan sənaye qaz qurğularının istismarına icazə verilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 4 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.
Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 74 nəzarət tədbiri, istilik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və istilik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 19 nəzarət tədbiri, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə isə 60 nəzarət tədbiri keçirilib.
Həmçinin agentlik tərəfindən hesabat dövrü ərzində 28 müəssisədə 79 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.
15 “ASAN xidmət", 3 “ASAN Kommunal” mərkəzi və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 254 müraciət qəbul edilərək icra edilib.