İQTİSADİYYAT
Ötən ay Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 546 vətəndaş müraciət edib
Bakı, 6 dekabr, AZƏRTAC
Cari ilin noyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 546 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 52-si məlumat üçün olmaqla 444 müraciət edilib.
Təbii qaz təchizatı ilə bağlı 5-i məlumat xarakterli olmaqla 70 müraciət olunub.
İstilik təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla cəmi 20 müraciət edilib. Digər məsələlərlə bağlı isə 12 müraciət göndərilib.
Müraciətlərdən 159-u agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (13 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 328 müraciət hazırda baxılma prosesindədir, 58 məlumat xarakterli müraciətdən 25-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.