İQTİSADİYYAT
Ötən ay Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 643 vətəndaş müraciət edib
Bakı, 11 mart, AZƏRTAC
Fevral ayında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 643 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, ay ərzində elektrik enerjisi təchizatı ilə bağlı 415, təbii qaz təchizatı üzrə 117 vətəndaş müraciəti daxil olub. 11 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub, 100 müraciət digər məsələləri əhatə edib.
643 müraciətdən 232-si agentlik tərəfindən araşdırılaraq cavablandırılıb (3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra edilib, 316 müraciət hazırda baxılma prosesindədir, 94 müraciət isə məlumat xarakterli olub. Onlardan 24-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.