Ötən ay muxtar respublikada 571 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
Naxçıvan, 13 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən fevral ayında 571 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 458 texniki sənəd hazırlanıb, yeni yaranmış 20 daşınmaz əmlak obyektinə ünvan verilib, 112 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, torpaqların elektron uçotunun aparılması məqsədilə Şahbuz şəhərində planaalma işləri başa çatdırılıb, Şahbuz rayonunun Mahmudoba və Daylaqlı, Sədərək rayonunun Sədərək kəndlərində planaalma işləri davam etdirilib. Fevral ayında 1076 daşınmaz əmlak obyekti plana alınıb. 23 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə edilməsinə dair 2020-ci il 1 yanvar tarixinə torpaq balansı tərtib edilərək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli Qərarı ilə təsdiq edilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Payız və Gülşənabad kəndlərində monitorinqlər aparılıb, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Babək qəsəbəsində və Cəhri kəndində monitorinqlərə başlanılıb.
Culfa və Kəngərli rayonlarında ailə təsərrüfatları, torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri ilə görüşlər keçirilib, əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsi, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı maarifləndirmə işi aparılıb.
Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 60 vətəndaşın müraciətinə baxılıb, 67 vətəndaşa elektron xidmətlər göstərilib.
Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Torpaqşünaslıq və aqrokimya, Geodeziya və xəritəçəkmə ixtisaslarında təhsil alan tələbələrə iki gün müddətində çöl geodeziya ölçü işlərinin aparılması ilə bağlı praktik məşğələ keçirilib.