Ötən gün postlardan icazəsiz keçməyə cəhd göstərən 1921 nəqliyyat vasitəsi geri qaytarılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq olunduğu 5 şəhərin və 12 rayonun giriş-çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 18-də həmin postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən 1921 nəqliyyat vasitəsi müəyyənləşdirilərək geri qaytarılıb. Eləcə də həmin gün ölkə üzrə karantin rejimi qaydalarını pozan 2655 nəfər barədə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin olunması və onların sağlamlığının qorunmasına xidmət edir. Daxili İşlər Nazirliyi vətəndaşlardan tətbiq olunan izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət yaranmadıqca yaşayış yerlərini tərk etməmələrini xahiş edir.