Ötən il Dövlət Ekspertiza İdarəsinə 4043 müraciət daxil olub
Bakı, 2 fevral, AZƏRTAC
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması və davamlı inkişafin təmin edilməsi məqsədilə dövlət ekoloji ekspertizası istiqamətində fəaliyyət davam etdirilib.
Ötən il ərzində bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4043 müraciət daxil olub, 3379 müraciət müvafiq qaydada baxılaraq cavablandırılıb.
Bu barədə AZƏRTAC-a nazirliyin Dövlət Ekspertiza İdarəsindən məlumat verilib.
Bildirilib ki, təqdim olunmuş müraciətlər əsasən ölkə iqtisadiyyatının mühüm sahələri olan sənaye, energetika, neft-qaz, neft-kimya, yeni texnologiyalar, şəhərdaxili təsərrüfat, su-kanalizasiya xidməti, o cümlədən sahibkarlıq fəaliyyəti sahələri ilə əlaqədar olub.
Ölkədə əsasən dövlət büdcəsi və ayrı-ayrı sahibkarların vəsaiti hesabına həyata keçirilən tikinti-quraşdırma, istehsalat və xidmət obyektlərinin tikintisi və istismarı zamanı ətraf mühitə təsirlərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 730-dan çox texniki-layihə sənədlərinə baxılaraq müvafiq rəylər verilib, 58 müraciət müvafiq tələblərə cavab vermədiyindən razılaşdırılmadan geri qaytarılıb. Bəzi layihə sənədlərində müvafiq düzəlişlər edilərək icra olunub.
Qeyd olunanlarla yanaşı, obyektlərin yerləşdirilməsi məqsədilə torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi barədə 174 sənədə baxılaraq müsbət rəy bildirilib. Rayon icra hakimiyyətləri tərəfindən daxil olan müraciətlərin əksəriyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Bakı şəhərinin inzibati ərazisində yerləşən və istismara yararsız binaların sökülərək yerində yeni yaşayış binalarının layihələndirilməsi ilə əlaqədar olub.