Ötən il “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyəti qənaətbəxş olmuşdur
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırma layihələrinin həyata keçirilməsi “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əsas fəaliyyət sahələrindən biridir. Bu layihələri icra edən QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) 2012-ci ildə qarşıda duran vəzifələri uğurla yerinə yetirmişdir.
AZƏRTAC xəbər verir ki, ötən il TRD H.Z.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində, 25 hektar sahədə (Maştağa sahəsi) rekultivasiya işləri aparmış və qısa müddətdə layihənin icrasını uğurla başa çatdırmışdır. TRD-nin həyata keçirdiyi prioritet layihələrdən biri də “Bakı Ağ Şəhər” layihəsinin “Yaşıl ada” bölgəsində köhnəlmiş neft sənaye anbarlaşdırılma və ərazidəki neftlə çirklənmiş torpaqların daşınması” layihəsidir. Ötən il ərzində layihənin icrasına uyğun olaraq, H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində 11 min 330 ədəddən çox ağac və kol bitkilərinə qulluq edilmiş, il ərzində bu sahədə bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaqla mütəmadi olaraq təmin olunmuş, quruyan ağaclar yenisi ilə əvəz edilmişdir. Bütövlükdə, sahəyə bu müddətdə 1600 ədəd müxtəlif növ ağac və kol əkilmişdir.
TRD-nin xidmət göstərdiyi və geniş əraziyə malik olan digər sahə “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisindəki 3-cü yaşıllaşdırma sahəsidir. Bu sahədə 49 min 243 ədəd ağac və kol bitkisinə qulluq göstərilmiş, yaşıllıq sahəsi lazımı gübrələrlə təmin edilmiş, ərazi damcı suvarma sistemləri ilə təmin edilmişdir. Burada 300 kvadratmetrlik yeni istixana kompleksi tikilərək istifadəyə verilmişdir. Qışa hazırlıqla əlaqədar sahədəki damcı suvarma sistemlərində izolyasiya işləri başa çatdırılmışdır. ARDNŞ-in Qaz Emalı Zavodunun ərazisinin yaşıllaşdırma sahəsində də ağac və kol bitkilərinə yüksək səviyyəli aqrotexniki xidmətlər göstərmişdir.
TRD üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, “Sifarişçi” məmnunluğunu qazanmaq və nanotexnologiyalardan yararlanmaq istiqamətində fəaliyyətini 2013-cü ildə də uğurla davam etdirəcəkdir.