“Övladının əlindən tut” layihəsinin ikinci seminarı uğurla başa çatıb
Gəncə, 4 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Türkan Məcidovanın “Övladının əlindən tut” layihəsi çərçivəsində ikinci seminarı uğurla keçirilib.
Layihə rəhbəri AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, seminar mövcud vəziyyətlə əlaqədar olaraq “Zoom” proqramı üzərindən təşkil olunub. Onlayn tədbirdə Türkan Məcidova qarşıya qoyulan məqsəd, şagirdlərə valideyn-müəllim dəstəyinin verilməsi, onların cəmiyyətə inteqrasiyası, təhsil alanlara psixoloji və mənəvi dəstəyin göstərilməsi məsələlərindən bəhs edib.
Bildirilib ki, layihənin əsas məqsədi potensial psixoloji-mənəvi zorakılığa məruz qala biləcək şagirdlərin valideynləri üçün övladlarının cəmiyyətə inteqrasiyasını, düzgün tərbiyə və təhsillə bağlı dövlət siyasəti qanunvericiliyini izah etmək, onların təhsil üçbucağında daha yaxından iştirakını təmin etməkdən ibarətdir.
Seminarda Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin rəhbəri, müəllimləri və layihəyə uyğun olaraq 25 valideyn iştirak edib. Çıxış edən müəllimlər valideyn dəstəyi ilə uğur qazanılmasını, şagirdlərdə özünə inam hissinin yaradılmasının vacibliyini qeyd ediblər. Həmçinin valideynlərin sualları cavablandırılıb.