DÜNYA
ÖZBƏKİSTANDA TÖRƏDİLƏN TERROR AKTLARININ İZLƏRİ XARİCƏ GEDİB ÇIXIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunu Latviyada rəsmi səfərdə olan Özbəkistan Prezidenti İslam Kərimov bəyan etmişdir. O demişdir ki, bu yaxınlarda baş vermiş hadisələrin ssenarisi 1999-cu ildə törədilmiş partlayışların ssenarisinin eynidir.
Özbəkistan Prezidentinin fikrincə, 22 nəfərin ölümü və 30-dan çox adamın yaralanması ilə nəticələnmiş terror aktlarının arxasında beynəlxalq terrorçular dururlar. Onlar ölkədə vəziyyətin sabitliyini pozmaq, əhali arasında vahimə və qarmaqarışıqlıq yaratmaq, habelə dövlət başçısını məhv etmək məqsədi güdürlər.
Terror aktlarının təfsilatını araşdıran xüsusi hökumət komissiyasına şəxsən başçılıq edən Prezident İslam Kərimov demişdir ki, Daşkənd və Buxara şəhərlərində zorakılıq əməllərinin törədilməsində əli olmaqda şübhəli bilinən 28 nəfər yaxalanmışdır.