Özbəkistanın “Ledi” qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc edilib
Daşkənd, 29 aprel, AZƏRTAC
Daşkənddə rus dilində çap olunan “Ledi” qəzetində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin müsahibəsi dərc edilib.
Səfir bildirib ki, Azərbaycan və Özbəkistan qardaş ölkələrdir. Qədim zamanlardan xalqlarımızı etnik, tarixi və dini əlaqələr bağlayır.
Diqqətə çatdırılıb ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələrimizin yaranması və inkişafı ulu öndər Heydər Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun adı ilə bağlıdır. Dostluq əlaqələrinin yaradılması istiqamətində hər iki liderin atdığı addımlar Cənubi Qafqazda və Mərkəzi Asiyada ölkələrimizin güclənməsinə səbəb olub. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, bu gün Azərbaycan Özbəkistanı Mərkəzi Asiyada mühüm tərəfdaşlarından biri hesab edir və bu regionda Azərbaycanın ilk səfirliyi məhz Özbəkistanda açılıb. Keçən 20 il ərzində qarşılıqlı münasibətlər yüksək səviyyəyə çatıb. Dövlətlərimiz arasında 100-dən artıq müqavilə və saziş imzalanıb. Onların arasında 1996-cı ildə imzalanan “Dostluq və əməkdaşlıq haqqında” Saziş xüsusi əhəmiyyət kəsb edir.
Bildirilib ki, hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələr sürətlə inkişaf edir.
İqtisadi əlaqələrdən danışan səfir qeyd edib ki, 2013-cü illə müqayisədə ölkələrimiz arasında mal dövriyyəsi iki dəfə artıb və bu istiqamətdə işlər davam etdirilir.
Bu yaxınlarda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Özbəkistanda səfərdə olub, əməkdaşlığımızın daha da inkişafı ilə bağlı müxtəlif görüşlər keçirilib. Danışıqlarda ölkələrimiz arasında maşınqayırma, kənd təsərrüfatı, avtomobil, kimya və yüngül sənaye, tikinti materialları və digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşlərdə milli sərgilərin keçirilməsi, nəqliyyat və tranzit sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinin artırılması, Özbəkistan məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məsələləri ətraflı müzakirə edilib.
Diqqətə çatdırılıb ki, Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 45 müəssisə fəaliyyət göstərir. Onların arasında isə Özbəkistanda yol tikintisi ilə məşğul olan “AKKORD” Korporasiyasının xüsusi yeri var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd