PAKİSTAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏAZƏRBAYCANA HƏR CÜR KÖMƏK GÖSTƏRMƏYƏ HAZIRDIR
Parlamentin sədri ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışmış, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolunu yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, prezidentlərimizin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin inkişafında yeni mərhələ açmış, hüquqi baza yaratmışdır. Biz parlamentlərarası əlaqələrimizin, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdalığının daha da genişlənməsini istəyirik. Hesab edirik ki, bunun üçün qarşılıqlı səfərlər mühüm fayda verəcəkdir.
Sonra Oqtay Əsədov Azərbaycanın regiondakı mövqeyindən, inkişafından və üzləşdiyi problemlərdən danışmış, Pakistanın azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirmişdir.
Səfir Məhəmməd Hafiz Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə ölkəsinin parlamentinin sədri adından və öz adından təbrik etmişdir. Ölkələrimiz arasındakı əlaqələrin dostluq, qardaşlıq prinsiplərinə söykəndiyini söyləyən diplomat dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərini məmnunluq hissi ilə xatırlamış və bu səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir və problemin həllində Azərbaycana hər cür kömək göstərməyə hazırdır.