Pakistan parlamentariləri Azərbaycanın uğurları barədə məlumatlandırılıblar
İslamabad, 12 fevral, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Milli Assambleyasında Gənc Parlamentariyalar Qrupunun üzvləri ilə görüşüb.
Görüşdə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun əlaqələndiricisi, hakim Pakistan Müsəlman Liqasının aparıcı simalarından biri Şaza Fatimə Xuvaca, Milli Assambleyanın deputatları Maizə Həmid, Leyla Xan, Məhəmməd Rehan Haşmi, Məhəmməd Salman Xan Bəluc iştirak ediblər.
Qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən səfir Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə olunan uğurlar, ikitərəfli münasibətlərin inkişafı haqqında məlumat verib. O, Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar səfirlik tərəfindən keçiriləcək tədbirlər haqqında da danışıb.
D.Şikarov 2012-ci ilin fevral ayında Pakistan Senatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə görə bir daha təşəkkürünü bildirib. O, deputatları fevralın 24-də Pakistanın Preston Universitetində Xocalı soyqırımına dair keçiriləcək seminara dəvət edib.
Pakistan-Azərbaycan dostluq qrupunun əlaqələndiricisi Şaza Fatimə Xuvaca ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs edib və Pakistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ölkəmizi dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Ş.F.Xuvaca Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupu ilə sıx əməkdaşlıq qurulmasının zəruriliyini bildirib, gənclərin problemlərinin həllində, iqtisadi əlaqələrin inkişafında birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Deputatlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətini xüsusi qeyd edib, bunun ikitərəfli münasibətlərimizin daha da inkişafına təkan verdiyini vurğulayıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad