PAKİSTAN PREZİDENTİNİN TÜRKİYƏYƏ RƏSMİ SƏFƏRİ
Yanvarın 19-da axşam Pakistan Respublikasının prezidenti Pərviz Müşərrəf Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezərin dəvəti ilə Ankaraya rəsmi səfərə gəlmişdir. Esenboğa hava limanında Pakistan Respublikasının prezidenti Pərviz Müşərrəfi Türkiyə Respublikasının baş nazirinin müavini Abdulla Gül və dövlət naziri Mehmed Aydın qarşılamışlar. Xatırladaq ki, Pakistan prezidentinə qarşı ölkəsində iki dəfə sui-qəsd təşəbbüsü təşkil olunmuşdur. Buna görə, Ankaraya rəsmi səfəri zamanı Türkiyə polisi xüsusi təhlükəsizlik tədbirləri almışdır. Yanvarın 20-də Pakistan dövlət başçısı Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Anıt qəbir” mavzoleyini ziyarət etmiş, buraya çələng qoymuşdur. Elə həmin gün Çankaya köşkündə Türkiyə və Pakistan prezidentlərinin görüşü keçirilmişdir. Türkiyə Böyük Millət Məclisinə gələn Pakistan prezidenti Pərviz Müşərrəf iki ölkə arasındakı siyasi, iqtisadi, ticari və mədəni əməkdaşlıqdan, bu əlaqələrin inkişaf perspektivlərindən danışdı. Türkiyə millət vəkilləri ilə görüşüb, söhbət etdi. Yanvarın 20-də Pakistan prezidenti Pərviz Müşərrəf Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul etmişdir. Qəbul zamanı dünyada və regionda vəziyyət, iki ölkə arasındakı münasibətlər, beynəlxalq terrorizm ilə mübarizə haqqında fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilmişdir. Yanvarın 20-də axşam Türkiyə Respublikasının prezidenti Əhməd Necdət Sezər pakistanlı həmkarının şərəfinə Çankaya iqamətgahında ziyafət vermişdir.