Pakistanda Novruz bayramı qeyd olunmuşdur
Pakistan, 22 mart (AZƏRTAC). Azərbaycanın Pakistandakı səfirliyində Novruz Bayramı münasibətilə ziyafət təşkil olunmuşdur. Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Pakistan senatının yeni sədr müavini Sabir Əli Bəluc, hakim Pakistan Xalq partiyasının baş katibi senator Cahangir Bader, Pakistanın digər tanınmış dövlət və hökumət xadimləri, alimlər və iş adamları iştirak etmişlər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov qonaqları salamlayaraq bolluq, bərəkət rəmzi olan Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu bildirmişdir. O, Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına salındığını da qonaqların diqqətinə çatdırmışdır.
Səfir Azərbaycan-Pakistan münasibətlərindən söz açmış, bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini, həmçinin qanunverici orqan tərəfindən Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.
D. Şikarov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilmiş humanitar layihələrdən də danışmışdır.
Tədbir iştirakçıları adından çıxış edən Pakistan senatının sədr müavini Sabir Əli Bəluc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara səadət və firavanlıq arzulamışdır. Sabir Bəluc ölkələrarası münasibətlərdən danışarkən, Pakistanın daim Azərbaycanın yanında olduğunu vurğulamışdır.
Tədbirin sonunda qonaqlar Azərbaycan milli mətbəxinin nümunələrindən dadmışlar.