Pakistanda partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə yüksəlib VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Pakistanın Əfqanıstanla sərhədində yerləşən Hayber-Paxtunxva əyalətinin inzibati mərkəzi olan Peşəvər şəhərində məscidin partladılması nəticəsində həlak olanların sayı 90 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Pakistan polisinin məlumatına görə, partlayışdan sonra xəstəxanalara 200-dən çox yaralı gətirilib. Onlardan 100-ü xəstəxanadan buraxılıb, 100-nün müalicəsi isə davam edir.
Faciə ilə bağlı Hayber-Paxtunxva əyalətində birgünlük matəm elan olunub.
Partlayış yanvarın 30-da günorta namazı vaxtı terrorçu-kamikadze tərəfindən törədilib. Hücumun məsuliyyətini Pakistanda fəaliyyət göstərən “Təhrik-i-Taliban” qruplaşması üzərinə götürüb.