Pakistanın Preston Universitetində “Xocalı soyqırımı-insaniyyətə qarşı cinayət” adlı seminar keçirilib
İslamabad, 25 fevral, AZƏRTAC
Pakistanın Preston Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən “Xocalı soyqırımı-insaniyyətə qarşı cinayət” adlı seminar keçirilib.
Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rektor və professorları, Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Yəmən, Türkmənistan və digər ölkələrin səfirləri, diplomatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilib.
Preston Universitetinin rektoru, professor Əbdül Basit Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti haqqında məlumat verib, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun zəbt olunduğunu bildirib. Qeyd edilib ki, işğal nəticəsində 1 milyon insan qaçqın və köçkünə çevrilib , müharibə zamanı 20 min adam qətlə yetirilib.
Professor deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsidir.
Beynəlxalq İslam Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Manzur Afridi, Preston Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Soheyl Mahmud və Müasir Dillər Universitetinin professoru Attik Ur Rehman öz çıxışlarında Xocalıda dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklər haqqında söhbət açıblar. Natiqlər Xocalı hadisələrinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, Fransa, Rusiya, İngiltərə və Türkiyə mətbuatından sitatlar gətiriblər. Onlar mülki insanların xüsusi amansızlıqla qətlə yetirilməsi və meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi vacibliyini qeyd ediblər. Çıxışlarda Pakistanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həs edilmiş memorialın qurulması fikri də səslənib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat verib. Səfir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, 2012-ci il fevralın 1-də Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını pisləyən sənədin, həmçinin 2013-cü il mayın 10-da Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən qətnamənin qəbul edilməsinə görə Pakistan Senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib. Özlərini dünya mədəniyyətinin ayrılmaz bir hissəsi hesab edən və XX əsrin əvvəllərində soyqırımına məruz qaldıqlarını iddia edən ermənilər barədə danışan səfir elə həmin əsrin sonlarında onların özlərinin günahsız insanlara qarşı ağlasığmaz barbarlıq aktına əl atdıqlarını söyləyib.
Seminarın rəsmi hissəsindən sonra Daşqın Şikarov TRT, Such, GEO və Dawn televiziya kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışıb, cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayıb. Bildirilib ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.
Seminarın keçirildiyi salonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi də nümayiş etdirilib.
Tədbirdən sonra İslamabad şəhərində yerləşən Bari İmam ziyarətgahında Xocalı şəhidlərinin ruhuna ehsan verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad