Palçıq vulkanlarında bitki örtüyü və nadir bitki növləri tədqiq edilib
Bakı, 7 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Geobotanika, Biomorfologiya və fitoindikasiya şöbələrinin əməkdaşları Qobustanda ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Ekspedisiyanın məqsədi Qobustan rayonunun ərazisində yerləşən palçıq vulkanlarının özündə və ətrafında olan bitkiliyin öyrənilməsi, növ müxtəlifliyinin monitorinqi, nadir növlərinin axtarışı, onların GPS koordinatlarının götürülməsi, senopopulyasiyalarının müasir vəziyyətinin öyrənilməsi və digər fitosenoloji tədqiqatların aparılması olub.
Tədqiqat aparılan ərazilərdə mövcud olan erkən-yaz florası müəyyən edilib. Qış otlaqları sayılan yarımsəhra bitkilik tipinə aid Çərən (Suaedeta) və Yovşan (Artemiseta) formasiya qrupları təyin edilib. Vulkanların ərazilərində 2 nadir növ Tulipa biflora, T. chlorantha aşkar edilib, onların yaş dövrləri öyrənilib və müasir vəziyyəti qiymətləndirilib. Botaniklər qeyd edir ki, növlərin təbii bərpasının müsbət keçməyinə baxmayaraq, xırdabuynuzlu heyvanların otarılması və qlobal istiləşmə nadir növlərin inkişafına mənfi təsir edir.
Qeyd edək ki, ekspedisiyanın nəticələri Azərbaycanın bitki örtüyünün inventarizasiyasında, geobotaniki rayonlaşdırılmasında, müxtəlif geobotaniki xəritələrin tərtibində və aşkar edilmiş nadir növlərin dinamikasının öyrənilməsində istifadə oluna bilər.