Paracüdo üzrə dünya çempionatının təşkilinə dəstək göstərəcək tələbə-könüllülərlə görüş olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) paracüdo üzrə dünya çempionatının təşkilinə dəstək göstərəcək tələbə-könüllülərlə görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə dünya çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov da iştirak edib.
Görüş zamanı tələbə-könüllülərə görüləcək işlər barədə məlumat verilib. Tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, eləcə də mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində fəaliyyət göstərəcəklər.
Paracüdo üzrə dünya çempionatı noyabrın 8-10-da keçiriləcək.