İDMAN
Parataekvondo millisinin baş məşqçisi: Uğurlarımızın davamını gətirmək üçün ciddi hazırlığa ehtiyac var

Bakı, 27 sentyabr, AZƏRTAC
Meksikada ardıcıl iki yarış keçirildi. Hər ikisində üç idmançı ilə təmsil olunduq. Buna baxmayaraq, uğurlu nəticələr əldə etdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında parataekvondo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fərid Tağızadə Meksikanın Verakrus ştatında keçirilmiş Qran-Pri turniri və dünya çempionatındakı nəticələri şərh edərkən deyib.
Mütəxəssis 70 kiloqram çəki dərəcəsində çıxış edən İmaməddin Xəlilovun dünya çempionu olmaqla ilkə imza atdığını bildirib: “Parataekvondo Paralimpiya Oyunlarının proqramına salındıqdan sonra ilk dəfə idmançımız dünya çempionu adına layiq görüldü. Əbülfəz Abuzərli isə fəxri kürsünün üçüncü pilləsinə qalxdı. Sevinirik ki, idmançılarımız Vətənə bu cür nəticələrlə qayıtdılar”.
Baş məşqçinin sözlərinə görə, qarşıda yığmanı İngiltərənin Mançester şəhərində keçiriləcək Qran-Pri turnirinin final mərhələsi gözləyir: “Uğurlarımızın davamını gətirmək üçün ciddi hazırlığa ehtiyac var. Hazırda üç idmançımız dünya reytinqində ilk “altılıq”dadır. Qürurverici haldır ki, İmaməddin bu yarışlardan sonra reytinqdə ilk pilləyə yüksəldi. “Paris-2024” Yay Paralimpiya Oyunlarında da ölkəmizi ən yüksək səviyyədə təmsil etməyə çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, oradan da qızıl medallarla qayıdaq”.
Qeyd edək ki, Qran-Pri turnirində iki qızıl, bir bürünc medal qazanan yığma dünya çempionatında bir qızıl və bir bürünc mükafata sahib çıxıb. İmaməddin Xəlilovun (70 kiloqram, K-44) çempion olduğu mundialda Əbülfəz Abuzərli (80 kiloqram, K-44) bürünc medala, Azərbaycan millisi isə komanda hesabında üçüncü yerə layiq görülüb.