“Paris-2024”: Azərbaycan avarçəkəni 6-12-ci yerlər uğrunda mübarizə aparacaq
Paris, 30 iyul, Elnur Salahov, AZƏRTAC
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsində mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində 6 idmançı arasında 4-cü yeri tutub. Təmsilçimiz məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edib.
Bu nəticə ilə idmançı C/D yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına yüksəlib. D. Dımçenko 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.
A/B yarımfinalları avqustun 1-də, C/D yarımfinalları isə iyulun 31-də baş tutacaq.