PARİSDƏ AŞPA SİYASİ KOMİTƏSİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Komitə üzvləri Kommunist rejimi cinayətlərinin beynəlxalq ittihamının zəruriliyi və nasist ideologiyasının təzahürləri ilə mübarizə məsələləri ətrafında ciddi müzakirələr aparmışlar. Çıxış edənlər bildirmişlər ki, 2005-ci ildə Avropada müharibənin qələbə ilə başa çatmasının 60 illiyi təntənəli şəkildə qeyd edilsə də, müharibənin vurduğu yaralar bu gün də xatırlanmaqdadır. Başqa xalqlara nifrət hissi aşılayan nasist ideologiyası ilə silahlanmış faşistlər işğal etdikləri ərazilərdə yerli əhaliyə divan tutmuş, dəhşətli işgəncələr vermiş, onları faşist ideologiyası ilə zəhərləməyə çalışmışlar. Amma nasistlər və onların ideoloqları vaxtında layiqli cəzalarını almışlar. Lakin hazırda bəzi ölkələrdə nasiszm yenidən baş qaldırmaqdadır, nasist ideyaları səslənməkdədir. Onu təbliğ edən qüvvələr bu işə gəncləri cəlb etməyə çalışırlar. Bəşəriyyət üçün yeni təhlükə mənbəyi yaranmaqdadır. Nasistlər öz ideyalarını internet vasitəsilə yaymaqla insanların şüurlarını zəhərləməyə səy göstərir, hətta bəzən açıq çıxışlar etməkdən belə çəkinmirlər.
Kommunistlər də öz ideyalarını həyata keçirməkdə nasistlərdən heç də geri qalmamışlar. Kommunist rejimi ilə razılaşmayan yüz minlərlə insan sürgün olunmuş və xüsusi düşərgələrdə məhv edilmişdir. Kommunist rejiminin əsas dayağı olan SSRİ-nin dağılmasına baxmayaraq, bəzi ölkələrdə indi də kommunist rejimi mövcuddur və açıq fikirli insanlara divan tutulması davam edir. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti nasist və kommunist ideyalarının təzahürlərinə qarşı səylərini birləşdirməli və ciddi mübarizə aparmalıdırlar.
Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə Belarusda vəziyyətə həsr olunmuş hesabat məruzəsini təqdim etmiş, komitə üzvləri bununla bağlı öz fikirlərini söyləmişlər. Məruzəçinin təklifinə əsasən, AŞPA-nın yanvar sessiyası zamanı siyasi komitədə və alt komitədə hesabatın bütün bəndlərini ardıcıllıqla təsdiq etmək və aprel sessiyasında məruzəni tam müzakirəyə çıxarmaq qərara alınmışdır. Eyni zamanda, komitənin sədri Belarus müxalifətinin liderini, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin həm siyasi komitənin, həm də alt komitənin yığıncaqlarına dəvət olunmasını təklif etmişdir.