PARİSDƏ AZƏRBAYCANLA BAĞLI YIĞINCAQDA ÖLKƏMİZDƏKİ İQTİSADİ YÜKSƏLİŞ VƏ DEMOKRATİK VƏZİYYƏT YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Mərkəzin prezidenti Jan-İv Şövalye beynəlxalq qrupun tərkibində ötən ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etdiyini, seçkilərin demokratik prinsiplərə uyğun və şəffaf keçdiyini, namizədlərin sayının əvvəlki seçkilərlə müqayisədə həddindən çox olmasının ölkənin demokratik yolla inkişaf etməsindən xəbər verdiyini, Yeni Azərbaycan Partiyasının parlaq qələbə qazandığını qeyd etmişdir.
Fransanın ölkəmizdə ilk səfiri olmuş Jan Perrən Azərbaycanın coğrafi mövqeyi, ərazisi, əhalisi, iqtisadi durumu, siyasi və sosial vəziyyəti barədə qısa məlumat vermiş, müstəqillik qazanmış Azərbaycanın 1992-1993-cü illərdə ağır şəraitlə üzləşdiyini, müstəqilliyin ciddi təhlükə qarşısında olduğunu, bir tərəfdən Ermənistanın apardığı işğalçılıq siyasəti və digər tərəfdən iqtisadiyyatın iflic vəziyyətinə düşməsi Azərbaycanda böhranlı vəziyyət yaratdığını söyləmişdir. O, məhz belə bir vaxtda xalqın istəyi və tələbi ilə uzaqgörən siyasi xadim və səriştəli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanı gözlənilən təhlükələrdən xilas etdiyini və ölkənin iqtisadi inkişaf yoluna çıxardığını xüsusi vurğulamışdır.
J.Perrən Azərbaycanın strateji “İpək yolu”nun üstündə olmasının ölkə üçün əhəmiyyətini xatırlatmış, demokratik keçirilmiş seçkilərin ölkədəki sabitliyin gələcəyi üçün zəmin olduğunu və bu sabitliyin Azərbaycanla əməkdaşlıq edən ölkələrin maraqlarına uyğun gəldiyini söyləmişdir.
Fransa parlamentinin deputatı Loyk Buvar, Asiya üzrə Tədqiqat və Araşdırma Mərkəzinin direktoru Patrik Dombrovski, strateji məsələlər üzrə müşavir Silvan Darjeri, beynəlxalq məsələlər üzrə müşavir Sedrik Markos və tədqiqatçı Loran Vinatye seçkilərlə bağlı çıxışlarında bildirmişlər ki, istər seçkilərdən əvvəl, istərsə də sonra Azərbaycanda “rəngli inqilablar” baş vermədi. İqtisadi baxımdan sürətli inkişaf prosesini yaşayan Azərbaycanda bunun üçün elə bir zəmin yoxdur. Bəzi məntəqələrdəki pozuntular nəzərə alınmazsa, ümumilikdə parlament seçkiləri normal şəraitdə, beynəlxalq standartlara və demokratik normalara uyğun keçmişdir.10 məntəqədə seçkilərin nəticələrinin ləğvi isə Azərbaycanda demokratiyanın inkişaf etdiyini bir daha sübut etmişdir. Azərbaycandakı seçkilər heç də qabaqcıl ölkələrdəki seçkilərdən geri qalmamış, əksinə, Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən digər ölkələrin faydalanması məsləhət görülmüşdür.
Çıxışlarda gənclərin seçki prosesində həvəslə iştirak etməsinin onların ölkənin ictimai-siyasi həyatında fəal rol oynamasından xəbər verməsi xüsusi vurğulanmış, bəzi Fransa mətbu orqanlarının öz səhifələrində demokratik keçmiş seçkilərə kölgə salmasının, qərəzli yazılara yer verməsinin təəssüf hissi doğurduğu qeyd olunmuşdur. Həmçinin ölkəmizin iqtisadi yüksəlişi, neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sahələrinin inkişafına diqqətin artırıldığı, sənaye istehsalı həcminin artdığı, regionların sosial-iqtisadi inkişafında dövlətin maraqlı olduğu və bunun üçün xüsusi proqram həyata keçirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, ərazisinin 20 faizinin işğal altında olmasına, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşməsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqaz bölgəsində qüdrətli dövlətə çevrilməkdədir. Bir çox ölkələrlə həmsərhəd olan Azərbaycanın özünəməxsus siyasət yürütməsi, Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə hərtəfli əlaqələr yaratması qeyd olunmaqla bərabər, bəzi problemlərin həllində Avropanın ölkəmizə az maraq göstərməsi tənqid edilmişdir.
Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Məsim Məmmədov ölkəmizdə keçirilmiş seçkilərə, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə obyektiv qiymət verdiklərinə görə çıxış edənlərə təşəkkürünü bildirmişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, ölkədə baş verən dəyişikliklərdən söhbət açmışdır.
Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Məmmədov onun törətdiyi problemlər barədə ətraflı məlumat vermiş, münaqişənin regionda sabitlik üçün real təhlükə olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Koçaryan rejiminin tutduğu mövqe Ermənistanı bütün regional layihələrdən kənarda qoymuş, ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salmışdır. Münaqişə həll olunmayınca, regionda sabitlik və əməkdaşlıq məsələlərinin baş tutmayacağı hamıya bəllidir. Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun və ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması çərçivəsində həllinə tərəfdardır.
Sonra yığıncaq iştirakçılarının Azərbaycanla bağlı suallarına ətraflı cavab verilmiş, sonra ölkəmizdə keçirilmiş seçkiləri əks etdirən slaydlar və işğal olunmuş ərazilərimizin göstərildiyi xəritə nümayiş etdirilmişdir.
Yığıncaqda Azərbaycanın Parisdəki səfiri Tarik Əliyev, Fransa ictimaiyyətinin və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri , diasporamızın təmsilçiləri və səfirliyimizin əməkdaşları iştirak etmişlər.