PARİSDƏ İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ İLƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə ölkəmizi təmsil edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirmişdir ki, Parisdə keçirilən tədbirə ilk dəfə qatılmır. İndiki konfrans Avropada insan hüquqları üzrə təsisatların yaradılmasına, mövcud təsisatların isə fəaliyyətinin gücləndirilməsinə yönəldilmiş texniki yardım layihəsinin müzakirəsinə həsr olunmuşdur. Konfransda Avropa dövlətlərinin, o cümlədən MDB-nin üzvü olan ölkələrin insan hüquqları sahəsində ixtisaslaşan ekspertləri, BMT-nin, Avropa Şurasının insan hüquqları üzrə Baş Komissarlarının nümayəndələri iştirak edirdilər.
Konfrans iştirakçılarının hər biri təmsil etdiyi ölkədə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat vermişdir.
İclasda Avropa İnsan hüquqları üzrə Milli Fəaliyyət İnstitutlarına kömək məqsədi ilə hazırlanmış texniki yardım layihəsi müzakirə edilmişdir. Layihədə insan hüquqları müdafiəsinin müxtəlif sahələri üzrə məşğələ və seminarların keçirilməsi, vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Konfransda Avropa qrupunun növbəti yığıncağının Bakıda keçirilməsi təklifi səslənmiş və bu təklif tədbir iştirakçıları tərəfindən razılıqla qarşılanmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan ombudsmanı Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində son bir ildə Bakıda 4 seminar keçirmiş, yaxın günlərdə isə paytaxtda Avropa İnsan Hüquqları Konvensiyasının 55-ci ildönümünə həsr olunmuş konfrans işə başlayacaqdır.