PARİSDƏ ÜMUMMİLLİ LİDERİMİZİN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mərasimin keçirildiyi salonda həyatını dövlətimizin və xalqımızın işıqlı gələcəyinə həsr etmiş dahi rəhbərimizin qara haşiyəyə alınmış fotoşəkli, qara lent bağlanmış dövlət bayrağımız və ürək sözlərinin yazılması üçün matəm kitabı qoyulmuşdur.
Mərasimdə dünyanın tanınmış siyasətçilərindən biri olan Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anma mərasimini cəmiyyətin prezidenti Səid İsmayılov açaraq xaricdə yaşayan azərbaycanlıların öz doğma Vətənimizin ətrafında sıx birləşmələri, Azərbaycan diasporasının yaradılması və xalqımızın dünyada tanınması sahəsində Prezident Heydər Əliyevin fəaliyyətini xüsusi vurğulamış, ağır vaxtlarda xalqın tələbi ilə yenidən hakimiyyətə gələn rəhbərimizin ölkənin parçalanmasının qarşısının alınmasında, atəşkəsə nail olunmasında, Azərbaycanın bir dövlət kimi formalaşmasında və inkişafında, “Əsrin müqaviləsi”nin bağlanmasında əvəzsiz xidmətlərini qeyd etmiş, Azərbaycan ilə Fransa arasında hərtərəfli əlaqələrin inkişafına verdiyi töhfələrdən danışmış, Fransada yaşayan bütün azərbaycanlıların görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatı ilə əlaqədar dərin kədər hissləri keçirdiklərini və ümummilli liderimizin əziz xatirəsini daim qəlblərində yaşadacaqlarını bildirmişdir.
Rusiyanın Fransadakı səfiri Aleksandr Avdeyev Prezident Heydər Əliyevin keçmiş SSRİ məkanında yüksək vəzifə tutduğunu və bu vəzifənin öhdəsindən layiqincə gəldiyini, geniş dünyagörüşə malik güclü şəxsiyyət olduğunu, Rusiyada böyük məhəbbətlə sevildiyini, son dövrlərdə Azərbaycan-Rusiya əlaqələrinin yaxşılaşmasına və inkişafına xüsusi diqqət göstərdiyini qeyd etmişdir.
Ukrayna və Gürcüstan səfirləri Yuri Sergeyev və Goşa Şogovadze çıxışlarında Azərbaycan xalqı ilə Ukrayna və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində, GUÖAM təşkilatının yaradılmasında Prezident Heydər Əliyevin xüsusi rolundan söhbət açmış, bu ölkələrdə dövlətimizin başçısına həmişə göstərilmiş böyük ehtiramdan danışmışlar.
Türkiyənin böyük elçisi Uluş Ozulkerin çıxışı daha təsirli olmuşdur. O, türk xalqlarının Prezident Heydər Əliyevin simasında uzaqgörən bir siyasətçini, müdrik el ağsaqqalını itirməkdən dərin kədər hissləri keçirdiyini xüsusi vurğulamış, Azərbaycana həmişə dayaq olan Türkiyədə dahi insana böyük sevgilər bəslədiyini açıqlamışdır.
Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova Prezident Heydər Əliyevin əziz xatirəsini yad etdiklərinə və fəaliyyətinə yüksək qiymət verdiklərinə görə səfirlərə, “ Azərbaycan evi”nin prezidentinə və mərasimin iştirakçılarına minnətdarlığını bildirmişdir.
Fransa Prezident Aparatının, Xarici İşlər Nazirliyinin və Senatın məsul işçiləri, bu ölkədə səfərdə olan respublikamızın Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirliyimizin əməkdaşları və Parisin ali məktəblərində təhsil alan tələbələrimiz anma mərasimində iştirak etmişlər.