AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Park İNN mehmanxanasında LİNKS təşkilatının Azərbaycan nümayəndəliyinin və Milli Məclisin birgə tərəfdaşlıq layihəsi çərçivəsində parlament jurnalistləri üçün seminar keçirilmişdir. LİNKS-in Azərbaycan nümayəndəliyinin proqram əlaqələndiricisi Şahin Bayramov tədbiri açdıqdan sonra LİNKS təşkilatının icraçı direktoru Denis Sammut tədbirin əhəmiyyətindən danışmışdır. O demişdir ki, dünyada siyasətçilərin işinə ən çox təsir göstərən qüvvə jurnalistlərdir. Bu baxımdan parlament jurnalistlərinin rolu daha böyükdür. Seminarın əsas məqsədi Azərbaycanın parlament jurnalistlərinə inkişaf etmiş ölkələrin, xüsusən də Böyük Britaniyanın təcrübəsi barədə məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Bunun üçün LİNKS-in proqramlar üzrə əlaqələndiricisi Katrin Smit, Britaniyanın aparıcı jurnalistlərindən biri - 30 ildən çox “London Times” və Bi-Bi-Si-nin parlament müxbiri işləmiş Nikolas Cons Azərbaycana dəvət olunmuşlar.
Milli Məclisin mətbuat katibi Akif Nəsirov bildirmişdir ki, tədbirin keçirilməsindən əsas məqsədlərdən biri beynəlxalq təcrübəni öyrənmək və jurnalistlər arasında əlaqələri inkişaf etdirməkdir. A. Nəsirov Milli Məclisin fəaliyyətinin işıqlandırılmasında jurnalistlərin rolu və parlamentdə onlara yaradılmış şərait barədə məlumat vermişdir.
Sonra Katrin Smit və Nikolas Cons Böyük Britaniyada parlament jurnalistikası barədə ətraflı söhbət açmışlar. Nikolas Cons demişdir ki, dünyanın bir çox ölkələrindən, eləcə də Azərbaycandan fərqli olaraq Böyük Britaniyada parlamentin fəaliyyətinin işıqlandırılmasında televiziyalar üçün müəyyən məhdudiyyətlər vardır. Natiq ölkəsindəki həmin məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olduğunu bildirmişdir.
Sonda jurnalistlər arasında geniş fikir mübadiləsi aparılmışdır.