Parlament seçkilərinin nəticələri müstəqil Gürcüstanın gələcəyi üçün çox böyük məna daşıyır – ŞƏRH
Bakı, 28 oktyabr, AZƏRTAC
Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi sürpriz olmadı və ictimaiyyət tərəfindən gözlənilən idi. Seçkilərdən əvvəl bir qrup azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələri olaraq Gürcüstana səfər etdik. Səfər zamanı cəmiyyətin müxtəlif qrupları – vətəndaş cəmiyyətinin üzvləri, media mənsubları, yerli sakinlər və digər şəxslərlə həmsöhbət olmaq imkanı əldə etdik. Müşahidələrimiz göstərdi ki, qonşu Gürcüstanda seçkiöncəsi mühit və ölkədaxili vəziyyət heç də Qərbin və bəzi qərbyönümlü media qurumlarının bizlərə təqdim etdiyi kimi deyil. Əksinə, yerli əhali öz seçimini dinc və sərbəst şəkildə, yüksək əhvali-ruhiyyədə etməyə hazırlaşırdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Oğuz Mirzəyev söyləyib.
O.Mirzəyev seçki prosesinin yekunlaşdığını və xalqın iradəsi qalib gəldiyini deyərək bildirib: “Bu seçim müstəqil Gürcüstanın gələcəyi üçün çox böyük məna daşıyır. Həqiqətən də son zamanlar böyük güclərin Gürcüstan üzərindən regionla bağlı qurduğu planlara və ölkədaxili yaradılan süni münaqişələrə nəzər salsaq, seçkilərin nəticələrinin Gürcüstan xalqının gələcək taleyi üçün nə qədər vacib olduğunu deyə bilərik. Məhz bu səbəbdən vətəndaşlar öz səslərini müstəqil Gürcüstan və onun maraqları üçün istifadə etdilər. Ümid edirəm ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etməsi, Gürcüstanın öz müstəqilliyini daha da möhkəmləndirməsi Cənubi Qafqazın cığal və ərköyün üzvü olan Ermənistana bu regiona mənsubluğunu bir daha xatırladacaq”.
O deyib ki, hazırda Azərbaycan-Gürcüstan birliyi onu göstərir ki, belə olduğu təqdirdə hər iki dövlət güclü olur və öz maraqlarını müdafiə edirlər. “Təsadüfi deyil ki, Azərbaycan və yarım milyondan çox azərbaycanlının yaşadığı Gürcüstan hər zaman bir sıra vacib məsələlərdə, xüsusilə beynəlxalq aləmdə eyni mövqedən çıxış edib. Bu cür ortaq yanaşmalar iki dövlət arasında müxtəlif sahələrdə də özünü göstərməkdədir. Bu xüsusda Azərbaycanın həyata keçirdiyi siyasətin regional müstəvidə genişlənməsinə və Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına göstərdikləri dəstəyə görə Gürcüstanda yaşayan soydaşlarımızın da fəaliyyətini xüsusi qeyd etmək lazımdır”, - deyə O.Mirzəyev qeyd edib.