PARLAMENTİN DAİMİ KOMİSSİYALARININ SƏDRLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov görüşü açaraq dedi ki, Azərbaycan Avropa ailəsinə inteqrasiyada, Avropa dəyərlərindən bəhrələnməkdə, Avropa Şurası ilə əməkdaşlığın dərinləşməsində çox maraqlıdır. Ona görə də üzərinə götürdüyü öhdəlikləri dönmədən yerinə yetirir.
Ziyafət Əsgərov xalqımız üçün ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalmasından, münaqişə tərəflərinə münasibətdə ikili standartların olmasından, Ermənistanın BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamasına dünya birliyinin laqeydliyindən danışdı, bütün bunların Azərbaycan ictimaiyyətini narahat etdiyini vurğuladı. O bildirdi ki, Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdardır. Lakin xalqın səbri tükənməkdədir və o, qəti addım atılmasını tələb edir. Əgər sülh danışıqları bir nəticə verməsə, Azərbaycan öz torpaqlarının işğaldan azad olunması üçün bütün imkanlardan istifadə edəcəkdir.
Bruno Haller əməkdaşlıq məsələlərindən danışaraq dedi ki, parlamentlərimizin strukturu oxşardır. Bu isə əlaqələrin gələcək inkişafı üçün imkanlar açır. O vurğuladı ki, AŞPA ilə Azərbaycan parlamentinin əməkdaşlığı razılıq doğurur, lakin biz regional parlamentlərarası əlaqələrin inkişafını istəyirik. Çünki dövlətlərin münasibətində parlamentlərarası dialoq açar rolunu oynayır.
Cənab Bruno Haller bildirdi ki, Terri Devis Avropa Şurasının baş katibi seçildiyi üçün Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məruzə hazırlamaqdan ötrü regiona başqa məruzəçi gələcəkdir. O, əmin olduğunu söylədi ki, məruzə obyektiv olacaq və həqiqəti əks etdirəcəkdir.
Görüşdə Milli Məclisin daimi komissiyalarının sədrləri Asya Manafova, Eldar İbrahimov, Sirus Təbrizli, Şahlar Əsgərov da çıxış etdilər. Təklif olundu ki, AŞPA-da məsələlərin müzakirəsinə əlaqədar daimi komissiyalardan mütəxəssislər də dəvət olunsun; təcrübə mübadiləsi üçün AŞPA komissiyalarının nümayəndələri regiona səfərə gəlsinlər.