Partiya sədri: İstənilən təxribat Ermənistana baha başa gələcək
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10- da imzaladıqları üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, işğalçı Ermənistan hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikrində deyil, sərhədyanı ərazilərdə təxribatlar törətməkdə və mülki əhaliyə atəş açmaqda davam edir. Ermənistanın siyasi və hərbi rəhbərliyi, eləcə də dünya erməniliyi Azərbaycanın təcavüzkar ölkə üzərində qazandığı tarixi Qələbəni həzm etmək istəmir, müxtəlif vasitələrlə regionda aparılan yenidənqurma, quruculuq-abadlıq işlərinə mane olmağa çalışır. Təbii ki, Ermənistan ordusu hər dəfə təxribat törədəndə Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavabını alır. Yəni, həmişə olduğu kimi, başları üzərində “dəmir yumruğ”u görürlər. Ancaq düşmən faşizmə xas olan dağıdıcı əməllərindən əl çəkmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
Partiya sədri deyib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bu dəfə sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədib. Halbuki, bu ayın əvvəlində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh müqaviləsinin imzalaması barədə razılığını bildirmişdir. Əslində, bu “razılaşma” Nikol Paşinyanın birinci siyasi riyakarlığı deyildi. Bundan əvvəl keçirilən görüşlərdə də Ermənistan baş naziri verdiyi vədləri, üzərinə götürdüyü öhdəlikləri bir saatdan sonra pozmuş, siyasi riyakarlığını ört-basdır edə bilməmişdi. Bu dəfə də belə oldu. Brüssel görüşündən bir neçə gün sonra Ermənistan silahlı qüvvələri öz vəhşiliklərinə sadiqliklərini yenidən nümayiş etdirdilər. Düşmənin diversiya qrupları sutkanın qaranlıq vaxtında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirmiş və bununla da hərbçilərimizin qətlə yetirilmələrinə bais olmuşlar.
K.Seyidov deyib ki, düşmənin bu çirkin və xain əməlləri cavabsız qala bilməzdi. Bundan bir neçə həftə əvvəl də erməni silahlı qüvvələrinin törətdiyi təxribatlara yenilməz ordumuz “Qisas” əməliyyatı ilə cavab verdi. Bu əməliyyatlardan ibrət götürməyən təcavüzkar Ermənistan ordusu başqa bir təxribata əl atdı. Beynəlxalq hüquq normalarına tamamilə zidd olan təxribat əməllərinin qarşısının dərhal alınması məqsədilə silahlı qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Partiya sədri bildirib ki, həmişə olduğu kimi, bu dəfə də qəddar Ermənistan silahlı birləşmələri mülki əhalini ağır artilleriyadan atəşə tutub. Bu da beynəlxalq hüquq normalarının, Cenevrə konvensiyalarına tamamilə ziddir. Təəssüf ki, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar hələ də Ermənistanın bu qəddarlığına, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına seyrçi mövqe nümayiş etdirirlər. “Məlum olduğu kimi, sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində iki kəlbəcərli mülki şəxs yaralanıb. Hazırda onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən onlarca uşaq, dinc sakin qətlə yetirilmiş və yaralanmışdır. Bu da işğalçı Ermənistan ordusunun mülki əhaliyə qarşı növbəti vəhşiliyidir”, - deyə o qeyd edib.
Partiya sədri deyib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri Ermənistana və təcavüzkar ölkənin tərəfdarlarına döz dağı olub. Görünür buna görə də son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter almışdı. Eyni zamanda, son vaxtlar Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahların, ağır artilleriya vasitələrinin və şəxsi heyətin cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığından xəbər verirdi. Dünya ictimaiyyəti sentyabrın 13- də bunun şahidi oldu. Erməni faşistlərinin növbəti təxribatları onlara baha başa gəldi. Ümumiyyətlə, Ermənistan ordusunun istənilən təxribatı onlara baha başa gələcək.
Kamil Seyidov əminliklə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin bütün təxribatlarının qarşısını alacaq və təcavüzkarlara layiq olduqları cavabı verəcək. O qeyd edib ki, partiyanın bütün üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə inanır və onun ətrafında sıx birləşiblər.