Patrisia Skotland: Azərbaycanın COP29-dan bu günədək verdiyi töhfə olduqca təsiredicidir VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan COP29-dan etibarən iqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmanın formalaşdırılması üçün zəruri arxitekturanı yaradıb.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Böyük Britaniya Lordlar Palatasının üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patrisia Skotland deyib.
O bildirib ki, Azərbaycanın COP29-dan bu günədək verdiyi töhfə, xüsusilə elektrikləşdirmə istiqamətində həyata keçirdiyi dəyişikliklər olduqca təsiredicidir.
“Azərbaycan haradan haraya getməli olduğumuzu göstərən arxitekturanı və “yol xəritəsi”ni müəyyənləşdirib. 2035-ci ilədək emissiyaların 35 faiz azaldılması hədəfi əvvəlcə iddialı görünürdü. Lakin bu gün həyata keçirilən işlərə nəzər saldıqda, həmin hədəfin tamamilə real və əlçatan olmasının şahidi oluruq”, – deyə Patrisia Skotland qeyd edib.
Lordlar Palatasının üzvü vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən müzakirələr ölkələrin bu hədəflərə praktiki şəkildə necə nail ola biləcəklərini müəyyənləşdirməsinə imkan yaradır.
Onun sözlərinə görə, enerji keçidi üçün həm zəruri texnologiyalar, həm də kapital artıq mövcuddur: “Əsas məsələ investisiya üçün cəlbedici və maliyyələşdiriləbilən layihələrin necə yaradılmasıdır”.
Patrisia Skotland hesab edir ki, elektrikləşdirmə ilə bağlı keçirilən müzakirə məqsədyönlü, zəruri və gələcəyə nikbin baxmağa əsas verən nəticələrlə yadda qalıb.