Paytaxtda oğurluq və quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 17 mart, AZƏRTAC
Paytaxtda soyğunçuluq və oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Z.Rəhimovanın evindən içərisində 4300 manat məbləğində pul, şəxsiyyət vəsiqəsi və sosial kart olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Vəliyev saxlanılıb.
Martın 2-də Xətai rayonunda Bakı şəhər sakini A.İsgəndərovanın çantasından 762 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Qarayev rayon polis idarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 12 qrama yaxın heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.