CƏMİYYƏT
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıq məsələləri müzakirə olunub
Bakı, 29 noyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin ( BŞİH) tapşırıqlara uyğun olaraq, paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qış aylarına, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirəsidir.
Növbəti müşavirələr paytaxtın Yasamal, Nərimanov və Xəzər rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alətin, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlara, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.