Pekin Texnologiya İnstitutunun nümayəndəsi: ADA Universitetinin yaşıl enerjiyə yanaşma tərzi xüsusilə nümunəvidir
Bakı, 2 dekabr, AZƏRTAC
Bu gün təhsil müəssisələrinin yaşıl enerjiyə yanaşma tərzi yenidən düşünülür və dəyişilir. ADA Universitetinin bu məsələyə göstərdiyi yanaşma tərzi isə xüsusilə nümunəvidir. Çünki gələcəyin ətraf mühitlə bağlı çağırışları artıq ciddi şəkildə nəzərə alınmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” adlı beynəlxalq konfransda Pekin Texnologiya İnstitutunun Sosial Elmlər üzrə assistent professoru Rachael M. Rudolph deyib.
O qeyd edib ki, əvvəllər universitetlərin əsas rolu bilik yaratmaq və ötürmək idisə, indi onlardan bu bilik və bacarıqları yenidən qurmaq, dayanıqlı inkişaf hədəflərinə uyğunlaşdırmaq tələb olunur. “Yaşıl enerji sahəsində irəli sürdüyümüz ambisiyalar isə ali təhsil müəssisələrindən daha çevik, innovativ və məsuliyyətli olmağı tələb edir.
Bu məqsədlə universitetlər yeni əməkdaşlıqlar yaradır, təhsil modullarını yeniləyir və ətraf mühitə həssas yanaşmanı tədris prosesinə inteqrasiya edirlər. Bu dəyişikliklər təkcə akademik mühit üçün deyil, ölkələrin milli inkişaf siyasətləri üçün də mühüm töhfədir. Universitetlərin bu prosesdə fəal iştirakı onların cəmiyyətə və dövlətə göstərdiyi ən böyük dəstəkdir. Bununla yanaşı, ali təhsil müəssisələrinin bir-biri ilə təcrübə mübadiləsi aparacağı platformaların yaradılması son dərəcə vacibdir. Bu cür əməkdaşlıqlar həm bilik mübadiləsini gücləndirir, həm də beynəlxalq səviyyədə daha çevik və effektiv həllərin ortaya çıxmasına şərait yaradır. Bu baxımdan Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin bir araya gələrək təhsil sahəsində yeni tərəfdaşlıqları müzakirə etməsi çox təqdirəlayiqdir”, - deyə professor vurğulayıb.