MƏDƏNİYYƏT
Pekində Xalq Rəssamı Tahir Salahovun sərgisi açılıb VİDEO
Pekin, 23 sentyabr, AZƏRTAC
Pekində görkəmli fırça ustası, SSRİ Xalq Rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb.
Hər il keçirilən Pekin İncəsənət Festivalı çərçivəsində müxtəlif ölkələrin tanınmış rəssam, heykəltəraş, dizayner və digər incəsənət adamlarının fərdi və tematik sərgiləri, ustad dərsləri, mühazirə və seminarlar təşkil olunur. Pekindəki “798” incəsənət zonasında təşkil olunan festival təkcə paytaxt deyil, bütövlükdə ölkənin mədəni həyatında əlamətdar hadisə hesab olunur. Builki festivalda çinli sənətsevərlər dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq imkanı əldə ediblər.
Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-yə yaxın əsəri nümayiş etdirilir. İki ölkə arasında mədəni sahədə əməkdaşlığa öz töhfəsini verən sərgi bir ay müddətində davam edəcək. Analoji sərginin Tayvanda da təşkil olunması nəzərdə tutulur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin