PENİTENSİAR XİDMƏT MÜASİRLƏŞİR
Ədliyyə nazirinin müavini Vilayət Zahirov iclası açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı, hərtərəfli islahatlar aparıldığı, ölkəmizin yeni tərəqqi dövrünü yaşadığı bir vaxtda ədliyyə orqanlarının, o cümlədən penitensiar xidmətin də qarşısında mühüm vəzifələr durduğunu qeyd etmişdir.
Məruzə ilə çıxış edən baş idarənin rəis əvəzi Nazim Ələkbərov bildirmişdir ki, ölkəmizdə aparılan islahatlara uyğun olaraq penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə mövcud nöqsanların və qanun pozuntularının aradan qaldırılması üzrə 2005-ci ildə kompleks tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısının Sərəncamı ilə baş idarə rəhbərliyində aparılmış kadr dəyişikliyindən sonra nazirliyin kollegiyasının və baş idarənin şurasının geniş iclasları keçirilmiş, qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, nizam-intizamın gücləndirilməsi üzrə tədbirlər müəyyən edilmişdir.
Penitensiar müəssisələrin işinə nəzarət gücləndirilmiş, qanun pozuntuları və ciddi nöqsanlara görə bir sıra işçilər, o cümlədən 50-dən çox vəzifəli şəxs tutduqları vəzifələrdən azad edilmişdir. Kadr işi sağlam meyarlar əsasında yenidən qurularaq penitensiar sistemdə və tibb xidmətində vakant vəzifələrə açıq müsabiqə elan olunmuş, yüksək peşə hazırlığına və mənəvi keyfiyyətlərə malik mütəxəssislər işə qəbul edilmişdir.
Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində məhkumların saxlanma şəraiti, qidalandırılması və digər təminatları əsaslı surətdə yaxşılaşdırılmış, nizam-intizam gücləndirilmiş, qadağan olunmuş əşyaların keçirilməsi, ayrı-ayrı məhkumlara imtiyazlı şərait yaradılması və digər sui-istifadə hallarının qarşısı qətiyyətlə alınmışdır. 2005-ci ildə bütün penitensiar müəssisələrdə abadlaşdırma işləri aparılmış, məhkumlara göstərilən tibb-sanitariya xidmətinin yaxşılaşdırılması üzrə təsirli tədbirlər görülmüşdür, regionlarda müasir tipli cəzaçəkmə müəssisələrinin tikintisinə başlanılmışdır.
Eyni zamanda, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının penitensiar müəssisələrə maneəsiz baş çəkməsi, səmərəli ictimai nəzarətin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmışdır.
Tədbirdə çıxış edənlər 2005-ci ildə penitensiar sistemdə həyata keçirilən əsaslı islahatların müsbət nəticələrini qeyd edərək, mövcud problemlərin həlli üzrə konkret təkliflərini bildirmişlər.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov iclasa yekun vuraraq, ötən il Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədi ilə mühüm işlər görüldüyünü vurğulamış, işin səmərəliliyinin daha da artırılması sahəsində cari ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün kollektivin daha əzmlə çalışacağına əmin olduğunu bildirmişdir.