Penitensiar Xidmətdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bütün qurumlarında geniş tədbirlər keçirilmiş, Vətənimizin azadlığı və müstəqilliyi naminə canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Xidmətin baş idarəsinin əməkdaşlarının iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri və SSRİ-nin Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayı Xocalının dinc sakinlərini - qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirmişlər.
Faciənin səbəb və nəticələrindən ətraflı danışan natiq bildirmişdir ki, Xocalı soyqırımı 200 ilə yaxın bir müddətdə ermənilər tərəfindən xalqımıza qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olmaqla yanaşı, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş, qəddarlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmiş qətliamdır.
Vurğulanmışdır ki, yalnız ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıdandan sonra Xocalı faciəsinə siyasi qiymət verilmiş, bu qətliam azərbaycanlıların soyqırımı kimi tanınmış, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısı göstərilmişdir. Qeyd olunmuşdur ki, bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsində, soyqırımın dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun xidmətləri xüsusi qeyd olunmuşdur.
Sonda Xidmət əməkdaşları faciənin dəhşətlərini özündə əks etdirən “Xocalı soyqırımı” sənədli filminə baxmışlar.