Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu
BDU-nun həmtəşkilatçılığı ilə İstanbulda beynəlxalq seminar-təlimlər keçiriləcək
Bakı, 26 iyun, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən iyulun 31-dən avqustun 5-dək Türkiyənin İstanbul şəhərində “Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu” (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) təlimləri təşkil olunacaq. Bu seminar-təlimlər Bakı Dövlət Universitetinin (BDU) həmtəşkilatçılığı ilə keçiriləcək.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Tədbir İslam dünyası ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılması, yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Təlimlərdə iştirakçı gənclərə nəzəri və praktik biliklər veriləcək, onların elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətlərində bacarıqları tapşırıqların yerinə yetirilməsi ilə qiymətləndiriləcək.