Pier Tiloyun “Xocalı 613” əsərinin Britaniya premyerası
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Londonun Smit Meydanında yerləşən Müqəddəs Con kilsəsində Xocalını anım konserti keçirilmişdir.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə 500 nəfərdən artıq qonaq, o cümlədən lordlar, Parlament üzvləri, diplomatlar və musiqisevərlər iştirak etmişdir. Konsertdə dirijor və bəstəkar Lorent Petitqrardın rəhbərliyi ilə Londonun Orion Orkestri çıxış etmişdir.
Gecənin zirvəsi Pier Tiloyun Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı yeni əsərinin Britaniya premyerası olmuşdur. Bu əsər skripka, balaban, zərb alətləri və simli orkestr üçün yazılmışdır. Beynəlxalq səviyyədə tanınan virtuoz sənətkar Şirzad Fətəliyevin ifa etdiyi Azərbaycan nəfəs aləti balabanın ecazkar səsi əsərin təsirini daha da artırırdı. Skripkada Nyu York Culiard Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçıyeva ifa edirdi. Bu möhtəşəm əsər “Laçın” və “Sarı gəlin” mahnıları da daxil olmaqla, Azərbaycan xalq musiqisinin melodiyaları sayəsində Xocalı faciəsinin dəhşətlərini çox təsirli formada əks etdirmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov demişdir: “Bu faciə düz 21 il bundan əvvəl baş vermişdir. 1994-cü ildə atəşkəs elan edilməsinə baxmayaraq, biz hələ də müharibə vəziyyətində yaşayırıq. Xocalı faciəsi bizim millətimizin tarixində ən qara səhifələrdən biridir. 613 insanın həyatını əlindən alanlar hələ də mühakimə olunmayıb. Beynəlxalq hüquq dinc əhalini öldürməyi qadağan edir və bu bəşəriyyətə qarşı cinayət hesab olunur. Belə dəhşətli hallar bir daha təkrar olunmamalıdır”.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov qeyd etmişdir ki, Böyük Britaniya bəşər tarixinin ən böyük müharibələri hesab olunan iki dünya müharibəsində iştirak edib və bu müharibələrdə Avropa milyonlarla insan itirib. Bu gün gözümüzün qarşısında stabil Avropa vardır. O müharibələr Avropa xalqlarına böyük dərs olmuşdur. Cinayət törədənlər ədalət məhkəməsinə cəlb olunmuşdur. Amma dinc əhaliyə qarşı planlı təşkil olunmuş Xocalı qırğınının təqsirkarları hələ də cinayətlərinin cəzasını çəkməmişdir”.