Pilot layihə çərçivəsində Səbail rayonunun seysmik təhlükə səviyyəsi qiymətləndirilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Seysmoloqlar Assosiasiyasının 2017-ci ildə həyata keçirdiyi “Yeni məlumatlar əsasında Bakı şəhəri Səbail rayonunun seysmik riskinin qiymətləndirilməsi” qrant layihəsinin yekununa həsr olunmuş “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli layihə barədə məlumat verərək onun güclü zəlzələlər zamanı mümkün olan dağıntıların, təbii fəlakətin səviyyəsinin - seysmik riskin qiymətləndiriliməsi baxımından əhəmiyyətindən danışıb. Şöbə müdiri deyib: “Azərbaycan Alp-Himalay qırışıqlığına aid olduğundan aktiv zəlzələ zonasında yerləşir. Zəlzələlər haqqında 427-ci ildən etibarən qeydə alınan məlumatlara görə, ölkəmizdə güclü və dağıdıcı yeraltı təkanlar baş verib, çoxlu tələfat olub. Qısamüddətli, pilot layihə əsasında aparılan seysmik riskin dəyərləndirilməsi gələcəkdə təhlükənin daha çox gözlənildiyi ərazilərdə dağıntı və tələfatın qarşısını almaq məqsədi daşıyır.
Seysmoloqların hazırladığı seysmik rayonlaşdırma xəritəsinə əsasən baş verə biləcək zəlzələlərin maksimum maqnitudasını müəyyən etmək mümkün olacaq. Azərbaycanın əksər bölgələri, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası 8, Böyük və Kiçik Qafqaz vilayəti isə 9 ballıq zonada yerləşir. Aparılan tədqiqatlar Səbaildə güclü zəlzələlər baş verərsə, yeraltı təkanların təsir gücünü müəyyən etməyə imkan verir. Xəzər dənizində baş verən güclü zəlzələ Bakıda 8 bala qədər seysmik titrəyiş yarada bilər. Lakin yeraltı təkanlar paytaxtın bütün ərazisində eyni dərəcədə hiss olunmaya bilər. Ərazinin mühəndis-geoloji şəraiti, yeraltı suların səviyyəsi, həmçinin ana süxurdan yuxarıda yerləşən təbəqə seysmik təsiri artıra və ya azalda bilər.”
Alim bildirib ki, Səbaildə, o cümlədən digər rayonlarda inşa olunan binaların ətraflarında bir neçə mühəndis-geoloji quyular qazılıb və nəticədə həmin ərazilərin seysmik gücü qiymətləndirilib. Səbail rayonunda isə iki zona qeydə alınıb - 8 və 9 ballıq zonalar. Bununla yanaşı, həmin rayonlarda yaşayış məntəqələri yüksəkriskli, ortariskli və aşağıriskli olmaqla üç qrupa bölünüb.
T.Məmmədli vurğulayıb ki, Səbail rayonunun seysmik təhlükə səviyyəsi ümumi olaraq 8 balla qiymətləndirilir. Əlverişsiz qrunt şəraiti və yeraltı suların səviyyəsinin artması seysmik təhlükə səviyyəsini 9 bala qədər yüksəldə bilər. Bayıldakı torpaq sürüşməsi isə güclü yeraltı təkanlar qeydə alınan zaman fəallaşaraq zəlzələnin gücünü və dağıntıların miqyasını artıra bilər. Ona görə də seysmik riski azaltmaq üçün tədbirlər görülməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablar verilib.